Heydər Əliyev Mərkəzində Endi
Vorholun “Həyat, ölüm və gözəllik” sərgisi
açılıb
Heydər
Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi
ilə Bakıda XX əsrin məşhur rəssamı Endi
Vorholun əsərlərindən ibarət “Həyat,
ölüm və gözəllik” mövzusunda sərgi təşkil
edilib. Heydər Əliyev Mərkəzində keçirilən
açılış mərasimində Mərkəzin direktoru
Anar Ələkbərov çıxış edərək fəaliyyətə
başlamasından ötən qısa müddət ərzində
Mərkəzdə artıq bir neçə sərgi təşkil
edildiyini, eləcə də burada bir sıra möhtəşəm
tədbirlər keçirildiyini diqqətə
çatdırıb: “Bizim əsas məqsədimiz ölkəmizi
dünyada tanıtmaq, Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdırmaq, mədəniyyətimizi
təbliğ etmək və təbii ki, dünya mədəniyyətinin
ən yüksək nümunələrini Azərbaycanda
nümayiş etdirməkdir. Artıq ölkəmizin simvoluna
çevrilmiş Heydər Əliyev Mərkəzinin
binasında ümummilli liderin anadan olmasının 90 illik
yubileyi münasibətilə Heydər Əliyev Muzeyi də fəaliyyətə
başlayıb. Həmçinin burada təşkil olunmuş
“Azərbaycan inciləri” sərgisində qonaqlara Azərbaycanın
tarixi və mədəniyyəti haqqında geniş məlumat
verilir. “Mini Azərbaycan” sərgisi də Bakıdakı və
Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələrinin
tanıdılması baxımından mühüm əhəmiyyət
kəsb edir. Eyni zamanda buradakı fotosərgilər də
çox böyük maraq doğurur”.
Müasir
incəsənətin həyatımızda böyük rol
oynadığını deyən A.Ələkbərov bu istiqamətdə
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda
yaradılan Müasir İncəsənət Muzeyinin fəaliyyətini
xüsusilə vurğulayıb: “Yarat!” Müasir İncəsənət
Məkanının müvafiq istiqamətdə fəaliyyət
göstərir. Bu il 55-ci Venesiya Biennalesində Azərbaycan və
“Yarat!” Müasir İncəsənət Məkanının
pavilyonları çox yüksək nailiyyətlər əldə
edib. Azərbaycan pavilyonu Venesiya Biennalesi tərəfindən 5
ən möhtəşəm pavilyon sırasına daxil edilib.
Bütün bu nailiyyətlər nəzərə alınaraq məhz
Heydər Əliyev Mərkəzində müasir incəsənətin
banisi olan XX əsrin məşhur rəssamı Endi Vorholun “Həyat,
ölüm və gözəllik” mövzusunda sərgisinin təqdim
edilməsi qərara alınıb. Bu sərgi mədəniyyətlərarası
dialoqun yaradılmasında, müxtəlif mədəniyyətlərin,
o cümlədən müasir incəsənət nümunələrinin
təbliğində və yaşadılmasında əhəmiyyətli
rol oynayır”. Sərgidə 100-ə yaxın əsərin
nümayiş etdirildiyini deyən Anar Ələkbərov bu
işin təşkilində böyük əməyi olan Endi
Vorhol Muzeyinin rəhbərliyinə təşəkkürünü
bildirib.
A.Ələkbərov
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya
bütün bu layihələrin hazırlanmasında, əsərlərin
Azərbaycana gətirilməsində göstərilən dəstəyə
görə xüsusi minnətdarlığını ifadə
edib, layihəyə bilavasitə nəzarət edən Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü
bildirib.
Endi Vorhol
Muzeyinin direktor müavini Patrik Mur rəssamın Azərbaycanda,
Heydər Əliyev Mərkəzində ilk dəfə
keçirilən sərgisini təqdim etməkdən məmnunluğunu
və ziyarətçilərin bu sərgidən zövq
alacağına ümidvar olduğunu deyib.
Sərginin
kuratoru Cianni Merkurio bu tədbirin Azərbaycanda keçirilməsini
mədəniyyət sahəsində əlamətdar hadisə
adlandırıb. O, Heydər Əliyev Mərkəzində Endi
Vorholun sərgisində iştirak etməsindən böyük
şərəf duyduğunu deyib: “Bu Mərkəz gələcəkdə
bir çox mühüm layihələrə ev sahibliyi edəcək
və Bakını müxtəlif mədəniyyətlərin
kəsişdiyi bir nöqtəyə çevirəcək”.
Modern incəsənətin
məşhur nümayəndələrindən olan Endi Vorholun
Azərbaycanda ilk dəfə keçirilən sərgisində
rəssamın 100-dək əsəri və qısa filmləri
yer alıb. Sərgidə rəssamın portretlər,
avtoportretlər silsiləsindən rəsmləri, eləcə
də “Güllər” (Flowers), “Kamuflyaj” (Camuflaje), “Sonuncu
şam yeməyi” (The Last Supper), “Dua edən kişi əlləri”
(Male hand Praying), “Elektrik stulu” (Electric Chair) və digər
dünya şöhrətli əsərləri nümayiş
olunur.
Sərgi
təkcə Endi Vorhol haqqında deyil, eyni zamanda, avanqard film,
pop-art barədə geniş məlumat əldə etməyə
imkan verir.
Əsərlərinin
orijinallığı, hər bir incəsənət nümunəsinə
özünəməxsus üslubda yanaşma tərzi olan Endi
Vorholun Heydər Əliyev Mərkəzində sərgilənən
əsərləri maraqlı kompozisiyada təqdim edilir. Bu
kompozisiya görkəmli rəssamın “Həyat, ölüm və
gözəllik” fəlsəfəsini daha yaxından
tanımağa, əsərlərin hər birində rəssamın
daxili dünyasını görməyə imkan verir.
Endi Vorholun əsərlərini dünyanın bir çox muzeylərində təqdim edən Endi Vorhol Muzeyinin geniş səyyar sərgi proqramı var. Muzeyin 1996-cı ildən etibarən 40 ölkədə təşkil etdiyi sərgiləri 10 milyondan çox ziyarətçi izləyib. Endi Vorholun “Həyat, ölüm və gözəllik” sərgisi burada nümayiş olunan əsərlərin dəyərinə görə indiyədək Azərbaycanda nümayiş etdirilmiş sərgilərdən ən qiymətlisi hesab olunur. Adıçəkilən sərgi sentyabrın 9-dək davam edəcək.
S. ABDULLAYEVA
525-ci qəzet.-
2013.- 25 iyun.- S.7.